Pirallahı rayonunda şəhid Tural Cahangirovun doğum günü anıldı
01 iyul 2025 | 17:51
Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən keçirilən antiterror tədbirləri zamanı şəhid olan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda", “İgidliyə görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni" ilə təltif olunmuş kiçik leytenant Cahangirov Tural Qələmhüseyn oğlunun doğum günüdür. Bu münasibətlə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin döyüş yoldaşları iştirak etmişdir.
İlk olaraq şəhidin Gürgən qəsəbə qəbiristanlığında yerləşən məzarı ziyarət edilmiş, ruhuna dualar oxunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova çıxış edərək bildirmişdir ki, Tural Cahangirov Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
Daha sonra Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri sırasında xidmət edən qəhrəman övladlarımız düşmənə və onun havadarlarına öz güclərini nümayiş etdirmişdir. Bu müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrilmişdir. Ölkəmiz, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, qüdrətini bütün dünyaya nümayiş etdirmişdir. Tural Cahangirovun timsalında bütün şəhidlərimiz hər zaman xalqımızın xatirələrində yaşayacaq, gələcək nəsillərimizə nümunə göstəriləcəkdir.
Yekunda şəhidin komandiri olmuş polkovnik Fəxrəddin Cavadov Tural Cahangirovun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olduğunu vurğulayaraq bildirmişdir ki, xidmət dövründə şəhidimiz üstün hərbi zəkası, bacarığı, qabiliyyəti, hərbçi kimi komandanlıq qarşısında böyük nüfuza sahib olmuşdur.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!