Pirallahı rayonunda şəhid Tural Cahangirovun doğum günü ehtiramla anılıb
01 iyul 2026 | 15:12
01 iyul 2026-cı il tarixində 2023-cü ilin lokal antiterror tədbirləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmiş kiçik leytenant Cahangirov Tural Qələmhüseyn oğlunun doğum günü münasibətilə anım tədbirləri keçirilib. Tədbirlər çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rəhbərliyi ilə şəhidin məzarı ziyarət olunub, daha sonra ailəsinin təşkil etdiyi ehsan süfrəsində iştirak edilib.
Tədbirlərdə RİH başçısı ilə yanaşı, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Pirallahı Bələdiyyəsinin və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun, Pirallahı Gənclər Evinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailəsinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhid Tural Cahangirovun Gürgən qəsəbə qəbiristanlığında yerləşən məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub və məzarı üzərinə güllər düzülüb. Daha sonra şəhidin mövlud mərasiminə baş çəkilib. Ardınca, şəhidin valideynləri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı Bələdiyyəsinin və Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, eləcə də Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxslərinin iştirakı ilə yaşadıqları evdə ziyarət olunublar.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edərək, şəhid ailələrinin hər zaman dövlət tərəfindən diqqət mərkəzində saxlanılmasının onlar üçün böyük mənəvi dayaq olduğunu bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






