Pirallahı rayonunda Şəhidlə vida mərasimi keçirilib
15 may 2026 | 13:35
15 May 2026-cı il tarixdə Pirallahı rayonunda şəhid Həziyev Ələddin Həzi oğlu ilə vida mərasimi keçirilib. Mərasimdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, həmçinin rayon ərazisində fəaliyyət göstərən idarə-müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Məlumat üçün bildiririk ki, Həziyev Ələddin Həzi oğlu 29 mart 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü ildə Füzuli Rayon Hərbi Komissarlığına müraciət edərək könüllü şəkildə ordu sıralarına qoşulub. 23 iyul 1993-cü ildə Füzuli rayonunun Çuvarlı kəndində müdafiə etdikləri döyüş postunda iki döyüş yoldaşı ilə birlikdə həlak olub. Həziyev Ələddin Həzi oğluna 1994-cü ildə Füzuli Rayon Məhkəməsinin qərarı ilə şəhid statusu verilib, lakin nəşi tapılmayıb. Əsirlikdən qayıtmış üç silahdaşının verdiyi məlumatlar əsasında məzar yerinin müəyyən edilməsi istiqamətində aparılan araşdırmalar nəticəsində 2025-ci ilin dekabr ayında onun qalıqları aşkarlanıb. Ekspertiza prosesindən sonra, 5 may 2026-cı il tarixində şəxsiyyətinin müəyyən olunması ilə bağlı ailəsinə rəsmi məlumat verilib.
Şəhid ilə vida mərasimi valideynlərinin yaşadığı Pirallahı qəsəbəsindəki evlərində baş tutub. Şəhidin nəşi ailəsinin yaşadığı ünvana gətirilərək ailəsi və rayon ictimaiyyəti ilə vida mərasimi keçirilib. Daha sonra “N” saylı hərbi hissənin fəxri qaravolunun müşayiəti ilə şəhidin nəşi “Vətən uğrunda” abidə kompleksinə gətirilib.
Abidə kompleksinin qarşısında Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov şəhidin ailə üzvlərinə bir daha baş sağlığı verərək, Vətən uğrunda canlarını qurban vermiş igidlərin əziz xatirəsinin daim uca tutulacağını vurğulayıb. RİH başçısı həmçinin bildirib ki, 2020-ci ildən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən 44 günlük Vətən müharibəsində əldə olunan böyük qələbə bütün şəhidlərimizin ruhunu şad edib. Bu gün biz onların qarşısında başımız dik dura bilirik.
Mərasim iştirakçıları şəhidin xatirəsini yad edərək ruhuna dualar oxuyublar. Daha sonra Şəhid Həziyev Ələddin Həzi oğlunun nəşi dəfn olunmaq üçün Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığına yola salınıb.






