Pirallahı rayonunda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Səməd Vurğun: Ədəbi Dünyası və Əbədi İrsi” başlıqlı tədbir keçirilib
22 may 2026 | 16:38
22 May 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Səməd Vurğun: Ədəbi Dünyası və Əbədi İrsi” başlıqlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, həmçinin məktəblilər iştirak ediblər.
Tədbirdən əvvəl Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 №-li filialının təşkilatçılığı ilə Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş kitab sərgisi təqdim olunub. Sərgidə şairin müxtəlif dövrlərdə yazdığı əsərlər, onun yaradıcılıq irsi və həyatına dair kitablar geniş şəkildə nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsi 243 nömrəli tam orta məktəbin direktoru Mehparə Mansırovanın giriş nitqi ilə başlayıb. O, qeyd edib ki, Səməd Vurğunun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil edir. Şairin əsərləri müasir Azərbaycan dilinin inkişafına və zənginləşməsinə böyük töhfə verib və ədəbiyyatımızın mədəni irsinə yeni nəfəs gətirib.
Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbi fikir tarixində yeni mərhələnin təməlini qoyan görkəmli şəxsiyyət olduğunu vurğulayıb. O bildirib ki, şairin çoxşaxəli yaradıcılığının mərkəzində azərbaycançılıq ideyası dayanır və Səməd Vurğun öz şeirlərində Odlar yurduna, doğma torpağa, xalqına olan sonsuz məhəbbətini ifadə edib. Zülfiyyə Məmmədhüseynova əlavə edib ki, Səməd Vurğun yalnız söz ustası olmaqla kifayətlənməyib, həm də ana dilimizin saflığını qorumaq və zənginləşdirmək uğrunda böyük səylər göstərib. O, xalq yaradıcılığının incilərindən ilham alaraq dilimizin bütün gözəlliklərini öz əsərlərində əks etdirib və dərin bəşəri, ictimai məzmuna malik qiymətli əsərlər yaradıb. Onun milli poeziyanı zirvələrə yüksəldən romantik və fəlsəfi ruhlu lirika əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub.
Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 №-li filialının müdiri Zülfiyyə Əliyeva çıxış edərək Səməd Vurğunun yaradıcılığının hər bir Azərbaycan vətəndaşı üçün əsl mənəvi sərvət olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, şairin əsərləri yalnız ədəbiyyat aləmində deyil, eyni zamanda xalqın mənəvi həyatında dərin iz buraxıb. Zülfiyyə Əliyeva çıxışının sonunda bütün iştirakçıları Səməd Vurğunun irsini daha dərindən öyrənməyə və onun əsərlərini gənc nəslə çatdırmağa dəvət edib.
Tədbir bədii hissə ilə davam edib. Rayon məktəblərinin şagirdləri Səməd Vurğunun “Fərhad və Şirin” və “Vaqif” dramlarından kompozisiyalar nümayiş etdirib, eləcə də “Ceyran”, “Ananın öyüdü”, “Şair nə tez qocaldın sən” və “Azərbaycan” şeirlərini səsləndirərək onun əsərlərinin dərin mənasını və poetik zənginliyini iştirakçılara çatdırıblar.






