Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “ Son zəng” tədbirləri keçirilib

13 iyun 2026 | 13:31
       13 İyun 2026-cı il tarixində ölkəmizin bütün bölgələrində olduğu kimi, rayonumuzun ümumtəhsil müəssisələrində də “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının məsul əməkdaşları, Pirallahı Bələdiyyəsinin sədri, məktəb kollektivi və valideynlər iştirak ediblər.
       Ümumi təhsil müəssisələrinin həyətyanı sahəsində keçirilən tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
      Daha sonra RİH başçısı Aparatının məsul əməkdaşları məktəbin pedaqoji kollektivini, məzunları və onların valideynlərini “Son zəng” münasibətilə təbrik edərək, Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təbrik məktubunu səsləndiriblər. Məktubda vurğulanıb ki, məzunlar həyatlarının ən yaddaqalan mərhələlərindən birini başa vuraraq yeni hədəflərə doğru addımlayırlar və məktəb illərində qazandıqları bilik, bacarıq və mənəvi dəyərlər onların gələcək uğurlarının əsasını təşkil edəcək. Qeyd olunub ki, ölkədə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Təhsil infrastrukturunun müasirləşdirilməsi və yeni layihələrin həyata keçirilməsi isə dövlətin təhsilə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Məktubda həmçinin müəllimlərin fədakar əməyinə yüksək qiymət verilərək, onların gənc nəslin yetişdirilməsində əvəzsiz xidmətlər göstərdiyi bildirilib, valideynlərə isə övladlarının təlim-tərbiyəsində göstərdikləri dəstəyə görə təşəkkür ifadə olunub.
       Tədbirdə çıxış edənlər məzunlara gələcək təhsil və əmək fəaliyyətlərində uğurlar arzulayıb, onların müstəqil Azərbaycanın layiqli vətəndaşları kimi ölkənin inkişafına töhfə verəcəklərinə əminliklərini ifadə ediblər.
      Rəsmi hissədən sonra şagirdlərin hazırladıqları bədii kompozisiyalar, musiqi nömrələri və rəqs çıxışları təqdim olunub. Məktəb həyatını əks etdirən səhnəciklər, məzunların müəllimlərə və valideynlərə ünvanladıqları təşəkkür çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
      Sonda ənənəvi “Son zəng” səsləndirilib, məzunlar məktəb illəri ilə vidalaşaraq xatirə şəkilləri çəkdiriblər.
Keçidlər