Pirallahı rayonunda “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində qanvermə aksiyası keçirilib
10 iyul 2026 | 16:19
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” PHŞ-nin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 iyul 2026-cı il tarixində "Pirallahı Tibb Mərkəzi" PHŞ-də “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədilə qanvermə aksiyası keçirilib.
Məlumat üçün bildiririk ki, Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı artıq 20 ildən çoxdur ki, ölkəmizdə minlərlə insanın həyatına ümid bəxş edir, gələcək nəsillərin sağlam böyüməsinə mühüm töhfə verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən insanlara göstərdiyi həssas münasibətin bariz nümunəsi olan bu proqram yalnız mövcud xəstələrin müalicəsi ilə məhdudlaşmır, eyni zamanda xəstəliyin yayılmasının qarşısının alınması, sağlam donor qanı ehtiyatının formalaşdırılması və təmin edilməsi kimi mühüm istiqamətləri də əhatə edir.
Məhz bu məqsədlərə xidmət edən qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər. Aksiya çərçivəsində 108 könüllü qan verərək talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək göstərib. İnsan həmrəyliyinin və humanitar dəyərlərin təcəssümü olan belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur və onların sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verəcəyi vurğulanır.






