Pirallahı rayonunda “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”, “Təbiətə qayğı və sevgi” mövzularına həsr olunmuş maarifləndirici konfrans keçirilmişdir
08 oktyabr 2024 | 14:22
8 oktyabr 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbin akt zalında “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”, “Təbiətə qayğı və sevgi” mövzularında maarifləndirici konfrans keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
Bununla yanaşı, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılmaqdadır.
Eyni zamanda, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunmaqdadır.
Daha sonra məktəbin VII sinfinin nümunəvi şagirdi çıxışında bildirdi ki, ətrafı təmiz saxlamaq hər bir kəsin borcudur. Şagird həmçinin, məktəbli yoldaşlarına lazımsız sayılan əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkinməyə dəvət etdi.
Sonda mövzularla əlaqəli şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.