Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda təntənəli Novruz tədbiri keçirildi

19 mart 2024 | 14:19
Milli-mənəvi irsin tərkib hissəsi olan qədim adət-ənənələr, mərasimlər, el şənlikləri hər bir xalqın özünəməxsus cəhətlərini özündə əks etdirir. Paklığı, mühüm dəyərləri tərənnüm edən, insanları yüksək əxlaqi keyfiyyətlərə səsləyən xalq bayramları, mərasimlər həm də məxsus olduğu xalqın milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında böyük rol oynayır. Xalqımızın zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran dəyərli mərasimləri var. Bunlardan biri də baharın gəlişi, təbiətin oyanışı münasibətilə qeyd edilən Novruz bayramıdır. Xalqımızın milli özünüdərkində böyük rol oynayan  Novruz bayramı varlığımıza hopan müqəddəs el şənliyidir. Novruz bayramının əsl el şənliyi, dövlət səviyyəsində mötəbər bayram kimi qeyd olunmağa başlaması Ulu Öndərin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə xalqımız sovet ideologiyasının unutdurmağa cəhd göstərdiyi mənəvi irsimizin zənginliklərindən bəhrələnib və onu qoruyub.  Ulu öndərin başlatdığı ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunub. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra xalqımız müqəddəs adət və ənənələrini daha geniş şəkildə yaşatmağa başladı. Beləliklə, müstəqil Azərbaycan dövlətçiliyinin yaşadılması Heydər Əliyevin dahiliyi sayəsində mümkün olduğu kimi, Novruz bayramının da əsl el şənliyi, dövlət səviyyəsində mötəbər bayram kimi qeyd olunmağa başlaması ulu öndərin adı ilə bağlıdır.
Respublika ərazisində olduğu kimi rayonumuzda da Novruz bayramı hər zaman yüksək əhval-ruhiyyədə qeyd olunur. Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində, körpələr evi-uşaq bağçalarında, idarə və təşkilatlarda  bayram münasibətilə silsilə tədbirlər keçirilir. Keçirilən tədbirlərin yekunu kimi 19 mart 2024-cü il tarixdə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində bayram tədbiri təşkil olunmuşdur. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Rauf Əliyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının, YAP Pirallahı rayon təşkilatının,  Pirallahı rayonu üzrə gənclər və idman sektorunun, hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil və mədəniyyət müəssisələrinin pedaqoji və şagird kollektivi, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyəti iştirak etmişdir.
Məlumat üçün qeyd edək ki, bayram münasibətilə Pirallahı rayonunun bütün qəsəbələrində xüsusi tərtibat işləri görülmüş, abadlıq, təmizlik işləri aparılmış, iməciliklər keçirilmişdir. O cümlədən, 18 mart 2024-cü il tarixdə Pirallahı qəsəbəsində yerləşən Zəfər Parkının ərazisində ağacəkmə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində ümumilikdə 250 ədəd ağac və gül kolları  əkilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində müxtəlif zamanlarda rayon ərazisində ağacəkmə aksiyaları keçirilmişdir. Vurğulanmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilmişdir. Eyni zamanda, cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbir ölkəmizdə keçiriləcəkdir. Bütün bunlar il ərzində ətraf mühitə ayrılan diqqətin həmişəkindən daha yüksək olacağına dəlalət edir.
Səhər saatlarında RİH başçısı Vasif İmanovun və qonaqların gəlişi ilə  tədbir öz işinə başlayır. Daha sonra Dədə Qorqud və Bahar qızı RİH başçısını qarşılayır və bayram tonqalının alovlandırılması üçün məşəli V.İmanova təqdim edir. V.İmanov çıxış edərək hamını bayram münasibəti ilə təbrik edir. Həmçinin sakinlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edərək ən xoş arzularını çatdırır. V.İmanov nitqi zamanı qeyd etmişdir ki, Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Natiq onu da qeyd etdi ki, bu il Novruz bayramı ötən illərin hər birindən daha coşğulu, daha təntənəlidir. Çünki, artıq hər bir qarış Vətən torpağında bu coşğu hiss olunur. Ötən ilin sebtyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun cəmi bir gündə Xocavənd, Xocalı, Xankəndi, Əsgəran və Ağdərə rayonlarını nəzarətimizə qaytarması ilə bütün ölkə ərazisində suverenliyimiz bərpa olunmuşdur. Bu gün Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclü və qüdrətlidir. Bunun üçün biz Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna və şəhidlərimizə minnətdarıq. Nitqinin sonunda V.İmanov onu da qeyd etdi ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görür. Məhz onun yorulmaz fəaliyyəti nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Daha sonra Milli Məclisin üzvü Rauf Əliyev çıxış edərək rayon ictimaiyyətini bayram münasibətilə təbrik etdi. Natiq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanda vətəndaş həmrəyliyi əldə olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub.
Çıxışlardan sonra V.İmanov və qonaqlar məktəblilərin hazırladığı sərgiyə baxış keçirdilər. Tədbir bədii hissə ilə davam etdi. Novruz bayramının simvolları olan keçəl və kosa tədbirə xüsusi zövq qatdı. Musiqiçilər tərəfindən zövq oxşayan musiqi nömrələri, rəqslər, bir-birindən maraqlı Novruz səhnəcikləri, xüsusi zövqlə bəzədilmiş sərgilər, milli ornomentli xonça təqdimatları tədbiri daha da rəngarəng edərək iştirakçılara xoş əhval-ruhiyyə bəxş etdi.
 
https://www.yeniazerbaycan.com/YAPxeber_e99198_az.html
 
https://modern.az/aktual/461520/pirallahi-rayonunda-tenteneli-novruz-tedbiri-fotolar
 
https://unikal.az/news/424564/pirallahi-rayonunda-tenteneli-novruz-tedbiri-kecirilib-fotolar
 
https://gununxeberi.az/index.php/gundem/77770
 
 
 
Keçidlər