Pirallahı rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı “Heydər Əliyev-Azərbaycanın dünəni, bugünü, gələcəyi” mövzusunda tədbir keçirilmişdir
07 may 2022-ci il tarixdə Pirallahı rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı “Heydər Əliyev-Azərbaycanın dünəni, bugünü, gələcəyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə RİH başçısı Vasif İmanov, Millət vəkilləri Rauf Əliyev və Sabir Hacıyev, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin məsul işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.
İlk öncə məktəblilər tərəfindən hazırlanan, Ümummilli liderin xatirəsinə həsr edilmiş əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol, karate və şahmat yarışlarının, eləcə də inşa-yazı müsabiqəsi qaliblərinin və onların müəllim və məşqçilərinin fəxri fərman, kubok və medallarla təltif olunması mərasimi keçirilmiş, RİH tərəfindən rayon ərazisində yerləşən 6 məktəbin hər birinə futbol, voleybol topları və qapı torları hədiyyə edilmişdir.
Daha sonra tədbir Pirallahı Rayon İcra Hakimiyyətinin akt zalında rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə davam etdirilmişdir. İlk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ümummilli lider, böyük azərbaycanlı Heydər Əliyevin uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunmuşdur.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov çıxış edərək diqqətə çatdırmışdır ki, bütün varlığı ilə vətəninə bağlı olan dünya şöhrətli dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Yüksək liderlik keyfiyyətlərinə malik olan ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimiz və suverenliyimizə qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək Azərbaycanın bir-birini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib məsələsinin həll olunmasını təmin etdi. Heydər Əliyev siyasətinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Şanlı Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.
Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sabir Hacıyev çıxış edərək qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olmuşdur. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına və vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub.
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev çıxış edərək vurğuladı ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ümummilli lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.
YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov öz çıxışında bildirmişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlər özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı.Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri Yeni Azərbaycan Partiyasının konseptual strateji proqramında ana xətti təşkil edir.
Bakı şəhəri üzrə Təhsil idarəsinin sektor müdiri Anar Mustafazadə Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışaraq Heydər Əliyev və Azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyini vurğulamış, xalqımızın Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, ernerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd etmişdir.
Tədbirin sonunda rayonun mədəni-ictimai həyatında fərqlənən bir qrup rayon sakininə Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunmuşdur.