“Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi: Milli intibahın təməli” başlıqlı dəyirmi masa keçirilib
14 iyul 2025 | 15:24
14 iyul 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi: Milli intibahın təməli” mövzusunda dəyirmi masa keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra tədbir mövzusuna dair videoçarx nümayiş etdirilib.
Daha sonra RİH başçısının müavini Zülfiyyə Məmmədhüseynova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Ulu Öndərin siyasi hakimiyyətə gəlişi sadəcə bir rəhbər dəyişikliyi deyil, həm də milli oyanış və özünüdərk prosesinin əsasını qoyan mühüm tarixi hadisə olmuşdur. Onun göstərdiyi qətiyyətli siyasi iradə Azərbaycanın gələcək müstəqilliyinin təməlini formalaşdırmışdır. Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi, mədəni və humanitar siyasətin kökləri məhz Heydər Əliyev ideologiyasına söykənir. Dövlətə və dövlətçiliyə sadiqlik, xalqın rifahına xidmət edən idarəetmə prinsipləri bu ideyaların əsas dayaqlarıdır. Belə tədbirlərin təşkili isə gənc nəslin vətəndaşlıq tərbiyəsində mühüm rol oynayır və dövlətçilik dəyərlərinin aşılanması baxımından böyük əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş, xalqın milli kimliyini, dövlətçiliyini və gələcəyə inamını yenidən bərpa etmiş böyük şəxsiyyətdir. Onun rəhbərliyi ilə başlanan milli dirçəliş prosesi bu gün də ölkəmizin hərtərəfli inkişafına əsas verir. Qeyd olunub ki, bu irsin qorunması və nəsildən-nəslə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur.
Dövlətqaçqınkomun Xəzər rayon sektorunun baş məsləhətçisi İlqar Məmmədli isə çıxışında vurğulayıb ki, Heydər Əliyev fenomeni Azərbaycan tarixində yalnız liderlik nümunəsi deyil, həm də dövlət idarəçiliyi məktəbidir. Onun irsinin davam etdirilməsi və gələcək nəsillərə çatdırılması bu gün cəmiyyətin bütün təbəqələrinin üzərinə düşən məsuliyyətli vəzifədir. O bildirib ki, belə tədbirlər gənclərin milli ruhda formalaşmasına, tarixə və dövlətçilik ənənələrinə dərin hörmətlə yanaşmasına töhfə verir.
Yekun olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ölkənin siyasi və ictimai həyatında dönüş nöqtəsi olmuşdur. O vurğulayıb ki, qısa müddət ərzində həyata keçirilən köklü islahatlar nəticəsində ölkənin idarəçilik sistemində keyfiyyət dəyişikliyi baş vermiş, sosial və iqtisadi sahələrdə ciddi inkişaf təmin olunmuşdur. Məhz bu mərhələdən etibarən Azərbaycanın gələcəyinə inam və milli intibah prosesi başlamışdır.






