Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumdünya antimikrobial maarifləndirmə” mövzusunda tədbir keçirildi

05 dekabr 2023 | 14:41
5 dekabr 2023-cü il tarixdə, Pirallahı Rayon İcra Hakimiyyəti və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “Ümumdünya antimikrobial maarifləndirmə” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Hallara Hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə, Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova, Türk Kızılayının Azərbaycandakı nümayəndəsi Hüseyin Çıtak, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər və tam orta təhsil müəssisələrinin müəllim və şagird kollektivi, səhiyyə müəssisələrinin əməkdaşları və digərləri iştirak etdilər.
Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tədbiri giriş sözü ilə açaraq, qonaqları və tədbir iştirakçılarını salamladı. T.İskəndərova bildirdi ki, xüsusilə son günlərdə qızılca xəstəliyinin yayılma tempində artış müşahidə olunması səbəbilə antimikrobial maarifləndirmə mövzusu olduqca aktualdır.
Daha sonra Elşən Səlimzadə çıxış edərək  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri barədə auditoriyaya geniş məlamat verdi. Natiq vurğuladı ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyəti dünya üzrə təxminən 97 milyon könüllünü, üzvü və işçi heyəti əhatə edən beynəlxalq humanitar hərəkatdır və insanın həyat və sağlamlığını qorumaq, insanların əzab-əziyyətlərini yüngülləşdirmək məqsədi ilə yaradılıb. Eyni zamanda, könüllük missiyasının əhəmiyyəti və vacibliyi vurğulanaraq, könüllülük təşəbbüsünün xeyirxahlıq missiyası olduğu diqqətə çatdırıldı.
Növbəti olaraq Türk Kızılayının nümayəndəsi Hüseyin Çıtak çıxış edərək, xüsusilə müharibə dövründə Kızılayın bölgədəki fəaliyyətlərindən danışdı. Natiq vurğuladı ki, bundan sonra da Türk Kızılayının Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə layihələri davam etdiriləcəkdir.
Son olaraq Əminə Cabbarova geniş nitq və təqdimatla çıxış etdi. Vurğulandı ki, antimikrobial müqavimət Avropa regionunda geniş yayılmışdır. Hər il Avropa İttifaqı ölkələrində antibiotiklərə davamlı bakteriyalara görə 670 000-dən çox infeksiya baş verir və bu infeksiyaların birbaşa nəticəsi olaraq təxminən 33 000 insan ölür. Bütün bunları nəzərə alaraq antimikrobların rasional istifadəsi olduqca vacib məsələdir. Natiq eyni zamanda, son dövrlərdə ölkəmizdə qızılca xəstəliyinin yayılma tempinin artdığını və kiçik yaş qruplarında bunun ağır fəsadlarının olduğunu vurğuladı. Xəstəliyə qarşı mübarizə tədbirlərindən bəhs edən Ə.Cabbarova uşaqların peyvənd olunmasının vacibliyini diqqətə çatdırdı.
Tədbirin yekununda Pirallahı rayonunda fəaliyyət göstərən N.S.Teymurov adına 231 №li tam orta məktəbin direktoru Lamiyə Quliyeva söz alaraq, məktəblərdə görülən profilaktik tədbirlər barədə məlumat verdi. L.Quliyeva bildirdi ki, hazırda rəhbərlik etdiyi müəssisədə qızılca xəstəliyi ilə bağlı heç bir narahatedici fakt qeydə alınmamışdır.
Sonda, mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırıldı və xatirə şəkli çəkdirildi.
Keçidlər