Pirallahı rayonunda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilmişdir
13 mart 2025 | 16:40
13 mart 2025-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbin akt zalında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və Aparatın məsul əməkdaşları, Rayon Polis İdarəsinin məsul əməkdaşı Nurlan Hüseynov, rayon prokurorluğunun məsul əməkdaşı Allahyar Məmmədli, rayon məhkəməsinin məsul əməkdaşı Ülvi Əbilov, şəhid ailələri və məktəb kollektivi iştirak etmişdir.
Tədbirdə dövlət himnimiz səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, mövzu ilə əlaqəli video-çarx nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildirdi ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi tarixi rolu böyükdür. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Digər natiqlər öz çıxışlarında vurğuladılar ki, bu gün artıq müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsində ərazi bütövlüyünü, suverenliyini qoruyan, tam təmin edən bir ölkəyə çevrilib. Müharibədən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan islahatlar, bərpa, yenidənqurma işləri, həyat və yaşayış üçün ən ümdə məsələ olan yeni infrastrukturun qurulması, həyata keçirilən digər hüquqi islahatlar və dövlət tərəfindən atılan digər bu kimi müsbət addımlar ölkənin getdikcə artan iqtisadi uğurundan xəbər verir. Tarixi torpaqlarımızın işğaldan azad olunması, dövlət tərəfindən bu ərazilərdə bərpa prosesinin başlanması, o torpaqların əsl sakinlərinin Böyük Qayıdış hərəkatı ilə öz doğma yurdlarına-Qarabağa qayıdışının uğurla davam etdirilməsi hər bir ölkə vətəndaşını sevindirir.
Tədbirin sonunda xatirə şəkili çəkdirilmişdir.