Pirallahı rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Mənim hüquqlarım və vəzifələrim” mövzusunda maarifləndirici konfrans keçirilmişdir
24 oktyabr 2024 | 14:20
24 oktyabr 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N.S. Teymurov adına 231 №li tam orta məktəbin akt zalında “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Mənim hüquqlarım və vəzifələrim” mövzusunda maarifləndirici konfrans keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Aparatının məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Mövzu ətrafında çıxış edən natiqlər qeyd etmişlər ki, “Uşaq Hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin 35-ci ildönümü ilə əlaqədar Ombudsman tərəfindən hər il olduğu kimi bu il də 20 oktyabr-20 noyabr tarixləri ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilib. Daha sonra təqdimat əsasında şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər, uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və ölkədaxili normativ hüquqi aktlar, BMT-nin adı çəkilən konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş uşaqların hüquqları və vəzifələri, həmin hüquqların müdafiəsi mexanimzləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, hazırda Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib və bu istiqamətdə çoxsaylı işlər görülüb.
Vurğulandı ki, dövlət başçısının uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı, uşaqların taleyində əhəmiyyətli rol oynayır.
Sonda şagirdlərin ifasında kompozisiyalar nümayiş etdirilmiş, musiqilər səsləndirilmiş, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.