Pirallahı rayonunda 'Uşaq hüquqları aylığı' çərçivəsində növbəti tədbir keçirildi
19 noyabr 2022 | 11:09
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 2022-ci il 20 oktyabr – 20 noyabr tarixlərində elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində Pirallahı rayonunda silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir 18 noyabr 2022-ci il tarixdə Pirallahı rayon İcra Hakimiyyətinin və “4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə keçirilən “Hüquqlarımızı bilək və paylaşaq” başlıqlı tədbir idi. Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanovun da iştirak etdiyi tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin əməkdaşı Azər İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev, “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin direktoru Gülarə Quluzadə, Pirallahı rayon Polis şöbəsinin sahə inspektoru Sinan Məmmədov, rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrinin direktorları və uşaqlar iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olundu.
Tədbirin rəsmi hissəsində çıxış edən natiqlər uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verdi. Əlavə olaraq bildirildi ki, ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şəraitin yaradılması daim xüsusi diqqət mərkəzində saxlanılır.
Tədbir “4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin dərnək üzvlərinin ifasında musiqi nömrəsi və 100-ə qədər rəsm əsərinə baxış keçirilməsi ilə yekunlaşdı.