Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti tədbir keçirildi

16 noyabr 2023 | 11:34
      15 Noyabr 2023-cü il tarixdə Pirallahı rayon İcra Hakimiyyəti və “4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin birgə təşkilatçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Mən və mənim hüquqlarım” başlıqlı konfrans keçirildi. Pirallahı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva və sektorun digər əməkdaşları, Ailə, Qadın və Uşaq Hüquqları Dövlət Komitəsinin Şüvəlan Uşaq və ailələrə dəstək Mərkəzinin Sosial iş üzrə mütəxəssisi Arzu Məmmədova, rayon ərazisində fəaliyyət göstərən təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin, Qeyri-hökumət Təşkilatlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən “Uşaq Günərzi Mərkəzi”nin əməkdaşları, 4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzinin pedoqoji kollektivi və dərnək üzvləri konfransda iştirak etdi.
       Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin yad edilməsi ilə öz işinə başlayan konfrans mövzu ilə əlaqədar video-çarxın nümayişi ilə davam etdi.
      Daha sonra V.Səfixanov çıxış edərək keçirilən tədbirin Pirallahı rayonunda “Uşaq Hüquqları aylığı” çərçivəsində keçirilən sayca yeddinci tədbir olduğunu bildirdi və əlavə etdi ki, bu qəbildən tədbirlər müvafiq dövr ərzində davam etdiriləcəkdir. Natiq vurğuladı ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sağlam, firəvan böyüməsi, hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır.
      Sonra çıxış edən N.Ağayeva uşaq hüquqlarının müdafiəsi və  təşviqi sahəsində Azərbaycan Ombudsmanının səlahiyyətləri və fəaliyyəti, A.Məmmədova isə  Azərbaycanda BMT-nin Uşaq Hüquqları Konvensiyasının tətbiqi, uşaqların zərərli vərdişlərdən qorunması problemləri, erkən evlilik və məişət zorakılığı problemləri barədə iştirakçılara məlumat verdi.
       Yekun olaraq çıxış edən “Uşaq Günərzi Mərkəzi”nin əməkdaşı Nuranə Quliyeva, nümayəndəsi olduğu müəssisənin fəaliyyəti barədə geniş məlumat verərək sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyindən bəhs etdi. Bununla yanaşı, natiq Rayon İcra Hakimiyyətinin təşkilatçısı olduğu tədbirlərdə bu qəbildən olan uşaqların iştirakına şərait yaradıldığı üçün böyük məmnunluq duyduğunu və bunun üçün minnətdarlığını ifadə etdi.
        Konfransın rəsmi hissəsinin sonunda rayonun ictimai-mədəni həyatında fəal iştirakı ilə fərqlənən bir qrup mədəniyyət nümayəndəsi RİH başçısının Fəxri Fərmanları ilə təltif edildi.
        Tədbir 4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzinin yetirmələrinin şeir və musiqi nömrələri ilə davam etdi. Sonda sərgiyə baxış keçirildi və xatirə şəkli çəkdirildi.
Keçidlər