“Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər davam edir
01 noyabr 2024 | 16:19
01 noyabr 2024-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 186 №li tam orta məktəbin akt zalında “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Mənim hüquqlarım və vəzifələrim” mövzusunda maarifləndirici konfrans keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Aparatının məsul əməkdaşları, Rayon Polis İdarəsinin nümayəndəsi və məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Mövzu ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, “Uşaq Hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin 35-ci ildönümü ilə əlaqədar Ombudsman tərəfindən bu il də 20 oktyabr - 20 noyabr tarixləri arasında ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan edilib. “Uşaq Hüquqları Aylığı”nın oktyabr-noyabrda təşkili təsadüfi deyil. BMT-nin Uşaq Hüquqları Bəyannaməsi və sonradan BMT-nin Uşaq Hüquqları Konvensiyası müvafiq olaraq 1959-cu ilin və 1989-cu ilin 20 noyabr tarixlərində qəbul edilib. Buna görə də, bütün dünyada hər il 20 noyabr tarixi Beynəlxalq Uşaq Hüquqları Günü kimi qeyd edilir.
Eyni zamanda vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin Azərbaycanda "Uşaq ili" elan olunması, uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, uşaq hüquqlarının qorunması və uşaqlara qayğının ölkə başçısının daim diqqət mərkəzində olduğunu göstərir.
Tədbirin sonunda şagirdlərin ifasında kompozisiyalar nümayiş etdirilmiş, musiqilər səsləndirilmiş, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.