Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda "Uşaq Hüquqları Aylığı"na həsr olunmuş “Uşaq hüquqlarının müdafiəsi və təhsil mühitinin gücləndirilməsi üzrə dəyirmi masa” keçirilib

19 noyabr 2025 | 14:49
       19 noyabr 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Uşaq Hüquqları Aylığı"na həsr olunmuş “Uşaq hüquqlarının müdafiəsi və təhsil mühitinin gücləndirilməsi üzrə dəyirmi masa” keçirilib. Maarifləndirici xarakter daşıyan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, o cümlədən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və baş məsləhətçisi Xəyalə Cavanşirli, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev və komissiyanın psixoloqu Babək Əliyev, həmçinin məktəbəqədər və tam orta təhsil müəssisələrinin təşkilatçıları, Uşaq birliyi rəhbərləri və psixoloqlar iştirak ediblər. Diskussiya xarakterli tədbirdə uşaq hüquqlarının müdafiəsi,  məktəb–valideyn–müəllim əməkdaşlığının gücləndirilməsi, uşaqların qərarvermə proseslərində iştirakının təmin edilməsi, eləcə də baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası və onların peşə təhsilinə yönləndirilməsi ilə bağlı tədbirlərin genişləndirilməsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
        Müzakirələr zamanı məktəb psixoloqları risk qrupuna daxil olan uşaqların müəyyənləşdirilməsində tətbiq olunan diaqnostik yanaşmalar, ailələrlə əməkdaşlıq zamanı uşaq hüquqlarının müdafiəsində rast gəlinən çətinliklər, bullinq hallarının qarşısının alınmasına yönəlmiş psixoprofilaktik tədbirlərin effektivliyinin qiymətləndirilməsi və psixoloq–şagird münasibətində etimadın formalaşdırılması prinsipləri barədə suallara cavab veriblər. Uşaq birliyi rəhbərləri şagirdlər arasında hüquq maarifləndirilməsi layihələrinin həyata keçirilməsində tətbiq edilən fəal metodlar, uşaqların fikrini sərbəst ifadə etməsi və qərarvermədə iştirakının artırılması üçün görülən təşəbbüslər, eləcə də sosial layihələrdə iştirakın hüquqi dəyərlərin formalaşmasına göstərdiyi müsbət təsirlər barədə məlumat veriblər. Məktəb təşkilatçıları isə illik fəaliyyət planlarında uşaq hüquqlarının qorunmasına yönəlmiş tədbirlər, üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün istifadə olunan kommunikasiya kanalları, davranış qaydalarının hazırlanmasında uşaqların fikirlərinin nəzərə alınması, zorakılıq və diskriminasiya hallarının qarşısının alınması üçün nəzərdə tutulan preventiv addımlar və maarifləndirmə tədbirlərinin davamlılığını təmin edən tərəfdaşlıqlar haqqında fikirlərini bölüşüblər.
       Tədbir yekununda iştirakçılar uşaq hüquqlarının müdafiəsi sahəsində koordinasiyalı fəaliyyətin artırılmasının, sosial reabilitasiya və peşə yönümlü dəstəyin gücləndirilməsinin, eləcə də məktəblərdə psixoloji xidmətin, uşaq iştirakçılığının və maarifləndirmə fəaliyyətlərinin daha sistemli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Keçidlər