Pirallahı rayonunda “Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi” və “Narkomanlığa qarşı mübarizədə rayon komissiyasının rolu” mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirildi
14 mart 2024 | 09:10
13 mart 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbdə “Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi” və “Narkomanlığa qarşı mübarizədə rayon komissiyasının rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Mövzu ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
Narkomanlığın qarşısının alınması Pirallahı Rayon İcra Hakimiyyətinin daimi diqqətində olmaqla səmərəli təmin edilmişdir. Rayonumuzda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” və “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası” yaradılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması sahəsində vətəndaş cəmiyyəti institutları, hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqə yaradılmışdır.
Komissiyaların fəaliyyətinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meylli şəxslər barəsində vaxtında qabaqlayıcı və profilaktik işlərin görülməsi məqsədilə əməli tədbirlər həyata keçirilməkdədir.
Bu sahədə vətəndaşların aktiv fəaliyyət göstərməsi, həmçinin şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə elektron ünvan (mail@pirallahi-ih.gov.az), elektron müraciət (pirallahi-ih.gov.az/feedback.html), etimad telefonu 5565942 açılmış və rəqəmsal icra hakimiyyəti portalına (rih.gov.az) inteqrasiya olunmuşdur. Bununla bağlı məlumatlar rayon İcra Hakimiyyətinin internet səhifəsində və məlumat lövhəsində yerləşdirilmiş, eləcədə bu barədə məlumatlar vətəndaşlara mütəmadi elan olunur.
Eyni zamanda, qeyd edilmişdir ki, uşaqların maraqlarına toxunan mövzular üzərində onların iştirakı, öz fikirlərini ifadə etmələrini təmin edir və bu da onların özünəgüvənini və mənliklərini inkişaf etdirir. Sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyinin təməlinin qoyulması üçün bu çox vacib məsələlərdən biridir.
Daha sonra mövzularla əlaqəli şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.