Pirallahı rayonunda Vətən müharibəsi şəhidi Vüsal Babayevin xatirəsi anılıb
24 oktyabr 2026 | 14:04
24 oktyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidi, baş leytenant Babayev Vüsal Sübbuh oğlunun şəhadətinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
İlk olaraq şəhidin Hərbi Memorial Məzarlıqda yerləşən məzarı ziyarət olunub. Ziyarətdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH başçısı Aparatının məsul əməkdaşları və şəhidin ailə üzvləri iştirak ediblər. Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra şəhidin ailəsi ziyarət olunub. Ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğıları və problemləri ilə maraqlanılıb. Ziyarət zamanı bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın uzun illər gözlədiyi tarixi ədalət bərpa olunub, torpaqlarımız düşmən işğalından azad edilib. Bu tarixi Zəfər Azərbaycanın güclü siyasi iradəsinin, xalq-ordu birliyinin və rəşadətli Ordumuzun qüdrətinin parlaq təcəssümü olmaqla yanaşı, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə edilmiş müqəddəs qələbədir. Həmçinin qeyd olunub ki, şəhid Vüsal Babayev də bu şanlı Zəfər tarixinin yazılmasında öz qəhrəmanlığı ilə əbədi iz qoyub. Vüsal Babayev kimi Vətənini canından əziz bilən igid oğullar sevgilərini yalnız sözlə deyil, döyüş meydanında göstərdikləri misilsiz şücaət və fədakarlıqla sübut ediblər. Onlar ən uca zirvə olan şəhidlik məqamına yüksələrək xalqımızın qürur və iftixar mənbəyinə çevriliblər. Vüsal Babayevin döyüş meydanında göstərdiyi rəşadət, fədakarlıq və qorxmazlıq Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik nümunəsidir. Onun əziz xatirəsi daim ehtiramla yad olunacaq, qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq.
Sonda şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verilib. Bildirilib ki, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək, onların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılacaq.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







