Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Vətən müharibəsi tarixi: Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirildi

19 dekabr 2024 | 14:22
     19 dekabr 2024-cü il tarixdə, Pirallahı Rayon İcra Hakimiyyətində Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Millli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi: Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
      Tədbir, kitabın və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən nəşr olunan digər əsərlərin sərgiləndiyi kitab sərgisi ilə öz işinə başladı. Daha sonra tədbir iştirakçıları kitab haqqında hazırlanmış video-çarxa tamaşa etdilər. Bu video, kitabın əsas mövzusu, məzmunu və onun Azərbaycanın gələcək nəsillərinə necə dəyərli bir miras buraxacağı barədə iştirakçılara ətraflı məlumat verdi.
       RİH başçısı tədbiri giriş nitqi ilə açaraq, vurğuladı ki, bu gün təqdimatı keçirilən kitab həm tarixi, həm də mədəni baxımdan böyük əhəmiyyət kəsb edir. Kitab, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin tarixinin gələcək nəsillərə ötürülməsi və  xarici dairələrə təqdim olunması üçün mühüm bir addımdır. O, kitabın əhəmiyyətindən danışaraq, Bakı Şəhər İcra Hakimiyyətinin AMEA-nın Tarix İnstitutu ilə birgə hazırladığı, Vətən müharibəsinə həsr edilmiş əvvəlki kitabın davamı kimi nəşr edilən yeni kitabın 44 günlük müharibədən keçən dövr ərzində Azərbaycanda baş verən mühüm hadisələrə həsr olunduğunu bildirdi. Natiq vurğuladı ki, kitabın ərsəyə gətirilməsində və geniş oxucu kütləsinə təqdim olunmasında layihənin rəhbəri və kitabın ön sözünün müəllifi Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun xüsusi rolu vardır. Eldar Əzizov bundan öncə də bir sıra bu kimi kitabların işıq üzü görməsinə birbaşa rəhbərlik etmiş və Vətən müharibəsinin tarixə həkk olunmasında müstəsna fəaliyyət göstərmişdir. RİH başçısı, nitqinin sonunda bir daha qətiyyətlə bildirdi ki, Prezident İlham Əliyev bu mübarizənin lideridir və onun zəngin dövlətçilik təcrübəsi, strateji baxışı, xalqla sıx münasibətləri və Qarabağ müharibəsindəki yüksək rəhbərlik bacarığı bu kitabın yaranmasında böyük bir ilham mənbəyi olub. Prezident İlham Əliyevin şəxsiyyəti və liderliyi, yalnız hərbi əməliyyatların qələbə ilə başa çatmasında deyil, həm də ölkənin beynəlxalq aləmdəki mövqeyinin gücləndirilməsində və daxili sabitliyin təmin olunmasında mühüm rol oynamışdır. Bu şəxsiyyətin həyat yolu, ölkəmizin müstəqil və güclü gələcəyinə gedən yolda bütün Azərbaycan xalqı üçün örnəkdir.
        Daha sonra çıxış üçün YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov söz alıb. O, kitabın yazılmasında əməyi keçən bütün şəxslərə təşəkkür edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı İlham Əliyev cənablarının rolunun əvəzsiz olduğunu vurğulayıb. O, bu kitabın, yalnız tarixə marağı olanlar üçün deyil, həm də gənc nəsillər üçün mühüm dərs və ilham mənbəyi olacağına inandığını bildirdi.
Növbəti olaraq söz alan 168 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Sevda Alxasova, kitabın tarixi əhəmiyyətini və bu cür əsərlərin təhsil sistemində necə böyük təsir yaratdığını qeyd edib.
       Daha sonra Laçın rayon Müseyib Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktoru Nuridə Əhmədova çıxış etdi və kitabın tədris prosesindəki əhəmiyyətindən danışdı. O, kitabın tərbiyəvi rolunu vurğulayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin gənc nəslin ruhunda necə dərin izlər buraxdığına diqqət çəkdi. Natiq qeyd etdi ki, bu əsər, yalnız keçmişin öyrədilməsi ilə kifayətlənməyib, eyni zamanda, gələcək nəsillərə böyük bir məsuliyyət hissi aşılayacaq.
       44 günlük Vətən müharibəsi şəhidi, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  təltif olunmuş Nəbiyev Elmar Elman oğlunun anası Çiçək Biləndərli çıxış edərək, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərilən diqqət və qayğıya görə təşəkkür etdi. Daha sonra şəhid anası Vətən müharibəsinin tarixə həkk olunmasında mühüm bir addım olan bu kitabın ərsəyə gətirilməsində iştirak edən və bilavasitə rəhbərlik edən hər kəsə, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova təşəkkürlərini bildirdi.
       Sonda Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözləri xatırlatdı: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. ...... Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ə.Kərimov bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətləri, Azərbaycan Ordusunun cəsarəti və xalqımızın birliyi ilə bu günlər  gəlib çatdı. Bu gün xalqımız xoşbəxtdir. Bu günü bizə yaşadanlara, Müzəffər Ali Baş Komandana, Ordumuza, xalqımıza eşq olsun!
Keçidlər