Pirallahı rayonunda Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi
25 fevral 2026 | 16:57
25 fevral 2026-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 186 №li tam orta məktəbdə Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, RİH başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, təhsil müəssisəsinin müəllim və şagird kollektivi, həmçinin Xocalı soyqırımının şahidləri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl, Xocalı Soyqırımı ilə bağlı şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olundu. Ardınca, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov Xocalı həqiqətlərindən bəhs edərək, bu faciənin Azərbaycan xalqının tarixindəki ən ağrılı və unudulmaz səhifələrdən biri olduğunu vurğuladı. O qeyd etdi ki, 1994-cü il fevralın 24-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş və faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Bu vəhşilik aktının yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş bir cinayət olduğunu bildirən natiq, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə əldə edilən qələbə ilə Xocalı şəhidlərinin qanının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad olunduğunu vurğuladı. O, həmçinin Xocalı şəhərində 2023-cü ildə Azərbaycan bayrağının ucaldılmasının, 2025-ci ildə isə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasının bu faciənin əbədiləşdirilməsinə və beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə olduğunu qeyd etdi.
Daha sonra Xocalı Soyqırımının canlı şahidi və yaxınlarını bu faciə nəticəsində itirən Solmaz Haqverdiyeva çıxış edərək, o günlərin dəhşətini və faciənin miqyasını bir daha diqqətə çatdırdı. O, 1992-ci ilin fevral ayında Xocalı şəhərində baş verən qəddarlığın, erməni işğalçıları tərəfindən həyata keçirilən soyqırımının hansı səviyyədə vəhşiliklə törədildiyini öz gözləri ilə gördüyünü qeyd etdi. Solmaz Haqverdiyeva, Xocalıdakı dinc əhalinin, xüsusilə qadınların, uşaqların və yaşlıların qarşısına çıxarılan vəhşilikləri, bir çox ailələrin tamamilə məhv olduğunu və nəhayət, Xocalıdan qaçmağa çalışanların necə amansızcasına qətlə yetirildiyini yaddaşında canlandırdı. O, həmçinin, həyatını itirənlərin yalnız fiziki yox, həm də ruhsal travmalarını da vurğulayaraq, bu faciənin hələ də xalqımızın qəlbində dərindən iz buraxdığını bildirdi.
Yekun olaraq çıxış edən Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov qeyd etdi ki, həmin dövrdə ölkəni idarə edən hakimiyyət nümayəndələri Xocalı faciəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yetərli fəaliyyət göstərə bilməmiş, bunun nəticəsində isə sonrakı illərdə Azərbaycan bir sıra çətinliklərlə üzləşmişdir. O vurğuladı ki, Xocalı soyqırımı məsələsinə yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sistemli və ciddi şəkildə yanaşılmış, hadisəyə dövlət səviyyəsində siyasi hüquqi qiymət verilmişdir.
Tədbirin sonunda, Xocalıların doğma yurdlarına geri dönüşünü əks etdirən video-çarx nümayiş olundu. Bu video-çarx, həmçinin, Xocalı faciəsinin tarixini, onun yaratdığı ağrılı izləri və azad edilən torpaqlara qayıdan Xocalıların həsrət dolu anlarını diqqətə çatdırdı.
Tədbir çərçivəsində məktəblilər Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirmiş, kompozisiyalarla faciənin dərindən hiss olunan acısını ifadə etmişlər.






