Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası və “Azərbaycan: Dünyanın “yaşıl enerji” mərkəzi” başlıqlı konfrans keçirilmişdir

05 aprel 2024 | 13:23
      05.04.2024-cü il tarixdə Pirallahı rayonunda  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası və “Azərbaycan: Dünyanın “yaşıl enerji” mərkəzi” başlıqlı konfrans keçirilmişdir. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, RİH başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları, rayon ərazisində fəaliyət göstərən idarə-müəssisə, təşkilat, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin kollektiv üzvləri, Qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
    Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25.12.2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Dövlət başçımızın Sərəncamının rayon ərazisində yüksək səviyyədə icrasının təmin olunması məqsədilə 01.03.2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam və Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Plana uyğun olaraq il ərzində çoxsaylı tədbirlər, dəyirmi masa və konfranslar, o cümlədən, yaşıllaşdırma, ağacəkmə və iməcilik aksiyaları keçiriləcək, su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və geniş istifadəsinin təşviq olunması, bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərləşdirilməsi istiqamətində müvafiq addımlar atılacaq və təbliğat işləri görüləcəkdir.  Xatırlatmaq zəruridir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Pirallahı rayonunda daha əvvəl - 18 mart 2024-cü il tarixdə ağacəkmə aksiyası keçirilmiş, müxtəlif vaxtlarda iməciliklər təşkil olunmuşdur. Tədbirlər Planına uyğun olaraq 05 aprel tarixində növbəti ağacəkmə aksiyası baş tutdu. Aksiya çərçivəsində ümumilikdə 250 ədəd ağac və gül kolları  əkildi.
     Daha sonra konfrans öz işinə başladı. Konfransda çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov qeyd etdi ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmiş, bu da növbəti il ərzində qarşımıza ətraf mühitlə, yaşıl inkişafla bağlı yeni gündəlik qoymuşdur. Natiq, "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edildiyini də diqqətə çatdırıb və əlavə edib ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bununla yanaşı, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.
     Daha sonra rayon ərazisində fəaliyyət göstərən “Abşeronneft” Neft-qaz çıxarma idarəsinin rəisi Fərhad Əliyev çıxış edərək, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin başlıca istiqamətlərindən birinin neftlə çirklənmiş torpaqların təmizlənməsi olduğunu bildirmişdir. Natiq vurğulamışdır ki, Pirallahı rayonunda hektarlarla neft və neft məhsulları ilə çirklənmiş ərazidə ARDNŞ tərəfindən kompleks addımlar atılmaqdadır. İşlər Neft Daşları və Çilov qəsəbələrində həyata keçirilmişdir.
     Yekun olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülmüş işlər, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri barədə auditoriyaya geniş məlumat verdi. RİH başçısı vurğuladı ki, ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da ekoloji mühitin qorunması və ətraf mühitə dəyən zərərlərin azaldılması, ekoloji layihələrin icrası istiqamətində ardıcıl işlər görülməkdədir. Vurğulandı ki, rayonumuzda ekoloji mühitin sağlamlaşdırılması istiqamətində il ərzində 1000 ağacın əkilməsi nəzərdə tutulmuşdur. 18.03.2024 və 05.04.2024-cü il tarixlərdə həyata keçirilən aksiyalarla artıq bu rəqəmin yarısı icra olunmuşdur. O da qeyd edildi ki, Pirallahı rayonunda ekoloji mühitin sağlamlaşdırılması daim prioritet istiqamət olaraq qəbul edilmiş, bu günə qədər 360 mindən çox ağac və gül kolları əkilmiş, yaşıllıqlar salınmışdır. Natiq bildirdi ki, rayonda yaşıl enerji layihələrinin icrası üçün potensial kifayət qədər güclüdür. 21 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı Günəş Elektrik Stansiyasının açılışını etmişdir. İstifadəyə verilən stansiya 2,8 MVt gücünə sahibdir. Coğrafi quruluşu, zəngin  alternativ və bəpaolunan enerji mənbələrinin olması imkan verir ki, Pirallahı rayonunda gələcəkdə irimiqyaslı enerji layihələr reallaşsın. Natiq nitqinin sonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu qeyd etdi.
     Tədbirin sonunda Pirallahı rayonundan "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuş rayon sakinlərinə medallar təqdim edildi.
    Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatdı.
 
https://www.yeniazerbaycan.com/YAPxeber_e99858_az.html
 
https://unikal.az/news/426555/pirallahi-rayonunda-agacekme-aksiyasi-kecirildi-fotolar
 
https://gununxeberi.az/index.php/gundem/78540
 
 
Keçidlər