Pirallahı rayonunda "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində ağaclara aqrotexniki qulluq göstərildi
18 oktyabr 2024 | 13:45
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti və təhsil müəssisələrinin birgə təşəbbüsü ilə rayon ərazisində yerləşən park və xiyabanlarda ağaclara aqrotexniki qulluq göstərilməsi aksiyası başlanılmışdır.
Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi, təbiətin qorunması, ağac və bitkilərə düzgün qulluğun göstərilməsi, şagirdlərdə təbiətə qayğı hissinin gücləndirilməsi, həmçinin, məktəblərin həyətyanı sahələrinin və parkların səmərəli istifadəsindən ibarətdir.
Rayon məktəbliləri arasında təşəbbüsə ilk qoşulan 168 nömrəli tam orta məktəbin pedaqoji heyəti və şagirdləri 17 oktyabr 2024-cü il tarixində Pirallahı qəsəbəsində yerləşən “Mirvari” Parkında olmuşlar. Məktəblilər parkın ərazisində yerləşən ağaclara qulluq etmiş, onları ziyanverici həşərat və böcəklərdən qorumaq üçün gövdələrini əhənglə boyamış, diblərini yumşaltmışlar. Bu gözəl və xeyirxah aksiyada iştirak edən məktəblilər aktiv və həvəslə təmsil olunaraq doğma ölkəmizin “yaşıl enerjisi”nə öz töhfələrini vermişlər. Qeyd edək ki, bu aksiya qarşıdakı günlərdə digər məktəblər tərəfindən davam etdiriləcəkdir.