Rayonumuzda "Yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği” mövzusunda təlim keçirilmişdir
25 avqust 2023 | 10:05
24 avqust 2023-cü il tarixdə Heydər Əliyev İli çərçivəsində Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Pirallahı Uşaq Parkında "İdman hamı üçün" layihəsi çərçivəsində “Yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği” mövzusunda Azərbaycan Kosiki Karate Federasiyasının nəzdində "ÇEMPİON" Kontakt Karate Klubunun yeniyetmələrlə birgə "Karate hamı üçün" adlı masterklassı keçirilmişdir. Təlimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vüqar Əliyev və 5 qat dünya çempionu, veteran idmançı Vahid Hüseynov, idman müəllimləri, yeniyetmə və gənclər iştirak etmişdir.
Təlimdə çıxış edən natiqlər Ümummilli lider Heydər Əliyevin idman sahəsinə göstərdiyi böyük diqqət və qayğıdan bəhs edərək qeyd etmişdilər ki, ulu öndərin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.
Masterklass zamanı Azərbaycan Respublikasının "İdman ustası", 6-cı dan qara kəmər sahibi Nazim Mövsümzadə və 2-ci dan qara kəmər sahibi Sevinc Mövsümzadə tərəfindən yeniyetmələrə idman növü haqqında geniş məlumatlar verilmiş və əyani olaraq texniki fəndlər də nümayiş etdirilmişdir. Bu tədbirin keçirilməsində məqsəd Pirallahı rayonu üzrə idmanın kütləviliyinin artırılırmasına nail olmaq, həmçinin sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, habelə yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur. Təlim iştirakçılar tərəfindən maraqla izlənilmiş, alqışlarla qarşılanmışdır.