Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Zərifə xanım Əliyevanın anım günü qeyd olunmuşdur

15 aprel 2024 | 15:16
     Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 39 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər zaman hörmətlə anılır. Ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbirlər keçirilmişdir. Rayonda yerləşən təhsil müəssisələrində keçirilən tədbirlərdə müəllim və şagirdlər ilk olaraq Zərifə xanımın əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
     Tədbirlərdə çıxış edən natiqlər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan danışaraq qeyd etmişlər ki, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə dair böyük araşdırmalar aparmışdır. Zərifə xanım, eyni zamanda yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. İnsanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmışdır. Oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə xanım Əliyeva Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olmuşdur. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin anasıdır. Bu gün dövlət başçısı İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır. Zərifə xanım Əliyevanın tibb sahəsində əldə etdiyi uğurlar Azərbaycan xalqının sərvəti kimi səciyyələnir. Bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratmış Zərifə xanım tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşayır.
Keçidlər