Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Gənclərin böyük hamisi” başlıqlı konfrans keçirildi

08 dekabr 2023 | 10:58
 7 Dekabr 2023-cü il tarixdə Pirallahı rayon Gənclər Mərkəzində Rayon İcra Hakimiyyəti və “4 №li Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində  “Gənclərin böyük hamisi” başlıqlı konfrans keçirildi. Konfransda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, AMEA-nın professoru, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Səhər Orucova, BDU “Dədə Qorqud” Elmi-Tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, BDU-nun Azərbaycan tarixi kafedrasının professoru Sevda Süleymanova, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, “4 nömrəli Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin və rayon ərazisində fəaliyyət göstərən idarə və  müəssisələrinin kollektivləri, rayon gəncləri  iştirak etdi.
İlk öncə Rayon İcra Hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülmüş, Gənclər Mərkəzində “4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələrinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilmişdir. Konfrans  dövlət himnimizin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Daha sonra mövzu ilə bağlı video-çarx nümayiş etdirildi. 
RİH başçısı Vasif İmanov giriş nitqi ilə çıxış edərək, dövlət gənclər siyasətinin Heydər Əliyevin hakimiyyətinin hər dövründə aparıcı istiqamətlərdən biri olduğunu vurğuladı. O bildirdi ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və 19 sentyabr antiterror əməliyyatları Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya bir daha nümayiş etdirdi. 
Növbəti olaraq rayon gəncləri adından Arzu Əliyeva çıxış edərək vurğuladı ki, Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləmiş və dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə çıxarılıb. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə müxtəlif illərdə dövlət proqramları təsdiq edib. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir.
Sonra Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecin direktoru, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru Sevda Süleymanova, Bakı Dövlət Universiteti “Dədə Qorqud” elmi- tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru “Dədə Qorqud” mükafatı laureatı Almara Nəbiyeva, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva çıxış edərək bildirdilər ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmışdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Əminik ki, Azərbaycanın daha da güclənməsi və tərəqqisi naminə gənclərimiz üzərilərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək və daha böyük uğurlarla xalqımızı qürurlandırmaqda davam edəcəklər. Azərbaycan gəncliyi siyasi fəaliyyətinin bütün dövrlərində hər zaman gənclərin ən böyük hamisi olan Ulu öndər Heydər Əliyevin ruhu qarşısında böyük ehtiramla baş əyir, ona sonsuz sevgi və ehtiramlarını bildirirlər.
       Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayon məktəblilərindən ibarət komandalar arasında keçirilən  mini-futbol turnirinin qalibləri medal, diplom və kubokla təltif olundular. 4 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzi” Publik Hüquqi Şəxsin şagirdlərinin ifasında rəngarəng çıxışlar, musiqi və şeirlər nümayiş olundu.
       Sonda RİH başçısı, qonaqlar və uşaqlar xatirə şəkli çəkdirdi.
Keçidlər