Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ümumtəhsil məktəblərində və uşaq bağçalarında Novruz bayramı münasibətilə tədbirlər keçirilib

17 mart 2023 | 16:44
       Pirallahı rayonunda yerləşən ümumtəhsil məktəblərində və uşaq bağçalarında Novruz bayramı münasibətilə silsilə tədbirlər həyata keçirilib. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəb və bağçaların pedaqoji kollektivləri, şagirdlər iştirak etmişdir.  
    Çıxışlarda Azərbaycanın qədim tarixini, milli adət və ənənələrini gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə keçirilən tədbirlərdə Novruzun xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramı olduğu bildirilmişdir. Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu deyən natiqlər bu bayramın yenidən Qarabağ torpaqlarında keçirilməsinin insanlara ayrıca bir sevinc bəxş etdiyini diqqətə çatdırmışlar. Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət və səmimi münasibətləri bərqərar edən Novruz bayramı xalqımızda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.
     Bayram şənliklərində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızın gəlişi, idmançıların, tarixi və kino personajlarının çıxışları tədbir iştirakçılarının marağına səbəb olmuşdur. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, yallı gedib, şeirlər səsləndirib, maraqlı səhnəciklər və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirmişlər.
Keçidlər