Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “28 May – Müstəqillik Günü”nə həsr olunmuş intellektual yarış keçirilib

23 may 2025 | 18:30
      23 may 2025-ci il tarixində Pirallahı rayonunda Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində təhsil işçiləri arasında “28 May – Müstəqillik Günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
      Pirallahı Gənclər Evində baş tutan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon komitəsinin və Pirallahı Gənclər Evinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
       Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Daha sonra Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev tədbiri rəsmi olaraq açıq elan edib və iştirakçılara uğurlar arzulayıb.
      Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon komitəsinin sədri Arzu Cahangirova öz çıxışlarında vurğulayıblar ki, bu il Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümüdür. Qısa – cəmi 23 aylıq fəaliyyəti ilə Cümhuriyyət müsəlman Şərqində demokratiya və dövlətçilik ənənələrinin əsasını qoymuşdur. Çıxışçılar qeyd ediblər ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası, ilk illərində ciddi təhlükələrlə üz-üzə qaldı. Dövlətçiliyimizin beşiyindəcə boğulmaq təhlükəsi yaşadığı həmin ağır günlərdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdı. Məhz onun qətiyyətli rəhbərliyi, siyasi uzaqgörənliyi və dərin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan xaos və vətəndaş qarşıdurmasından xilas oldu, sabitlik bərqərar edildi və müstəqillik əbədiliyə və dönməzliyə çevrildi. Bu tarixi dönüş nöqtəsi müasir Azərbaycanın əsasını qoydu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Ulu Öndərin müəyyən etdiyi inkişaf yolunu uğurla davam etdirir. Çıxışlarda həmçinin vurğulanıb ki, bu cür intellektual yarışlar müəllimlər arasında elmi biliklərin və vətənpərvərlik ruhunun təbliği baxımından olduqca əhəmiyyətlidir və gələcək nəsillərin milli ruhda yetişdirilməsinə xidmət edir.
 
Gərgin və maraqlı keçən yarışın yekun nəticələrinə əsasən:
I yer – Y.Əliyev adına 235 nömrəli tam orta məktəb,
II yer – N.S.Teymurov adına 231 nömrəli tam orta məktəb,
III yer – 168 nömrəli tam orta məktəb
 
      Tədbirin sonunda qalib komandalar fəxri fərman, diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.
Keçidlər