Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda iftar süfrəsi təşkil edilib

29 aprel 2022 | 11:48

      İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibəti ilə Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə iftar süfrəsi təşkil edilib. Tədbirdə şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri, rayonda fəaliyyət göstərən dini icmaların üzvləri, aztəminatlı ailələr iştirak etdilər.
       İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edildi.
       Sonra İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov mərasim iştirakçılarını salamlayaraq onları rayon rəhbərliyi adından təbrik etdi. Bildirildi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda və eləcə də Pirallahı rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. Vəzir Səfixanov ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın ümumilli lider ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini xüsusi vurğuladı. Dövlətimizin başçısının apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışaraq bildirdi ki, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli- mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edib. Milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondu yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir.
       Natiq onu da deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, ədalət bərqərar oldu və şəhid olan övladların ruhları şaddır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb. Adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdirlər.
        Tədbir iştirakçıları ölkəmizin qüdrətlənməsi, sabitliyin, əmin-amanlığın qorunması, inkişafı istiqamətində yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
       Sonra Pirallahı məscidinin imamı Elçin Baxşıyev Ramazan ayının fəzilətləri barədə söhbət açdı, dualar oxundu, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olundu.

Keçidlər