Narkomaniya ilə mübarizə, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa təsiri, uşaq nikahlarının qarşısının alınması” mövzularına həsr olunmuş tədbir keçirilmişdir
05 oktyabr 2023 | 15:49
2023-cü il 5 oktyabr tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbində “Narkomaniya ilə mübarizə, erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa təsiri, uşaq nikahlarının qarşısının alınması” mövzularına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov, Pirallahı məscidinin imamı Mübariz Rəhimov, Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vüqar Əliyev, RİH başçısı Aparatının məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagirdlər və digər şəxslər iştirak etmişdir.
V.Səfxanov, C. İsmayılov, M.Rəhimov, R.Qəhrəmanova mövzu ətrafında çıxış edərək vurğuladılar ki, göstərilən istiqamətlər üzrə maarifləndirmə tədbirləri həyata keçirilir və bu tədbirlərdə gənclərin hədəf qrupu kimi nəzərə alınması əbəs yerə deyildir. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən və qohumlar arasında nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Erkən nikahlar psixoloji fəsadlar yaratdığından, maaarifləndirmə işləri həm də, insanlarla psixoloji aspektdə aparılmalıdır. Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinin aktual ailə problemlərindən olduğunu diqqətə çatdıraraq bildirildi ki, erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir. Bu, həmin hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nikah və qohumlar arasında baş verən nikah hallarının qarşısının alınması istiqamətində müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatlarının birlikdə fəaliyyət göstərərək, səylərinin gücləndirilərək. Maarifləndirmə və təbliğat işi ancaq qadınlarla deyil, eləcə də yeniyetmə və gənc oğlanlar arasında da aparılmalıdır. Problemlərin həlli istiqamətləri müxtəlif ola bilər, lakin təcrübə göstərir ki, sosial məsələlərin həllində maarifçilik, insanlarla ünsiyyət, izahat işlərinin aparılması daha effektiv nəticə verir.
Tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.