Pirallahıda “Narkomaniya və kibercinayətkarlıqla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib
25 iyul 2024 | 16:28
İyulun 25-də Çilov qəsəbəsində “Narkomaniya və kibercinayətkarlıqla mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elman Kazımov, RPİ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru Ruslan Məmmədov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə iƏD üzrə nümayəndəsi Vüsal Fərəcov və qəsəbə sakinləri iştirak ediblər.
Çilov qəsəbə iƏD üzrə nümayəndəsi Vüsal Fərəcov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Qeyd olundu ki, müstəqillik əldə edildikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsinin vacibliyi də ön plana çıxmışdır və problemə münasibətdə yeni mərhələ başlanmışdır.
Tədbirdə Pirallahı Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elman Kazımov, RPİ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru Ruslan Məmmədov çıxış edərək narkomaniya və kibercinayətkarlıq haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Çıxış edənlər qeyd ediblər ki, ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə görülməsidir.