Pirallahıda növbəti maarifləndirici tədbir keçirilib
14 oktyabr 2025 | 15:23
14 oktyabr 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbin akt zalında “Məişət zorakılığı və onunla mübarizə” və “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və məktəbin müəllim kollektivi və şagirdlər iştirak etdilər.
Mövzu ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, Məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.
Əlavə olaraq bildirildi ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tələbləri, Qanunun şamil edildiyi şəxslər, məişət zorakılığından zərərçəkmişə verilən mühafizə orderi haqqında danışılıb, məişət zorakılığının tibbi-psixoloji nəticələri izah edilmiş və qarşısının alınması üçün respublikamızda görülən zəruri tədbirlərə nəzər salınmışdır. Habelə rayon ərazisində Məişət zorakılığının qarşısının alınması sahəsində vətəndaşların aktiv fəaliyyət göstərməsi, şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə Pirallahı Rayon İcra Hakimiyyətinin elektron ünvanı (mail@pirallahi-ih.gov.az), elektron müraciəti (pirallahi-ih.gov.az/feedback.html), etimad telefonu (qaynar xətt) 5565942 və rəqəmsal icra hakimiyyəti portalı (rih.gov.az) fəaliyyət göstərir.
Eyni zamanda qeyd edildiki, narkomanlığın qarşısının alınması Pirallahı Rayon İcra Hakimiyyətinin daimi diqqətində olmaqla səmərəli təmin edilmişdir. Rayonumuzda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” və “Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya” yaradılmışdır.
Tədbir zamanı videoçarx nümayiş olunmuş, verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.






