Pirallahıda növbəti maarifləndirici tədbir keçirilmişdir
22 may 2025 | 17:39
22 may 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbin akt zalında “Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları” və “Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması” mövzularında maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, “Ailə Sağlamlıq Mərkəzi”nin və Pirallahı qəsəbə məscidinin nümayəndələri, məktəbin müəllim kollektivi və şagirdlər iştirak etdilər.
Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, erkən nikah cəmiyyətdə savadsızlığın artmasına, boşanmaların sayının çoxalmasına səbəb olur. Erkən yaşda ərə verilən qızlar 18 yaşdan aşağı olduğu üçün heç bir hüquqi zəmanət olmadan ailə qururlar. Boşanmalar baş verdikdə isə rəsmi nikah olmadığından həmin insanlar heç bir mülkiyyət hüquqi əldə edə bilmirlər. Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır ki, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Erkən yaşda ailə quran qızlar təhsildən də kənarda qalırlar. Təhsil çox vacib amildir. Ən azından ibtidai təhsilli bir xanımla, orta məktəbi tam olaraq bitirmiş bir xanımın ailəsində çox böyük fərqlər olur.
Bu məqsədlə müraciətlər və monitorinqlər zamanı yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, həmçinin nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılması, uşaq nikahlarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi təmin edilir.
Sonda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.