Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

01 oktyabr 2026 | 15:15
        Pirallahı rayonunda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə RİH başçısı Vasif İmanov, rayon prokuroru Zaur Axundzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının və rayon prokurorluğunun əməkdaşları, Pirallahı bələdiyyəsinin nümayəndələri iştirak ediblər.
        Tədbir Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlayıb. Tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.
        Pirallahı rayon prokuroru Zaur Axundzadə çıxış edərək prokurorluq əməkdaşlarına göstərilən diqqət və səmimi təbriklərə görə minnətdarlığını ifadə edib. O, prokurorluq orqanlarının ölkədə qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin, hüquq qaydasının təmin olunmasının və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu vurğulayıb. O, bildirib ki, prokurorluq əməkdaşları bundan sonra da üzərlərinə düşən vəzifələri yüksək məsuliyyət, prinsipiallıq və peşəkarlıqla yerinə yetirəcək, ədalətin təmin olunmasına öz layiqli töhfələrini verəcəklər.
       Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışında Azərbaycan Prokurorluğunun zəngin və şərəfli inkişaf yolu keçdiyini qeyd edərək, ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarına daim xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı hüquqi islahatların prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə, onların maddi-texniki bazasının və institusional imkanlarının gücləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. İcra başçısı prokurorluq əməkdaşlarına fəaliyyətlərində yeni uğurlar arzulayıb.
         Tədbirdə çıxış edən Pirallahı Rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılov, Pirallahı Rayon Məhkəməsinin sədri Faiq Qasımov və Dövlət Təhlükəsizlik Xidmətinin Pirallahı rayon şöbəsinin rəisi İsrafil Cəfərov rəhbərlik etdikləri hüquq-mühafizə və digər aidiyyəti qurumlarla prokurorluq orqanları arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın, hüquq-mühafizə sahəsində əlaqəli fəaliyyətin, eləcə də qanunçuluğun və hüquq qaydasının təmin olunmasında prokurorluq əməkdaşlarının mühüm rolunun əhəmiyyətindən bəhs ediblər. Çıxış edənlər prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində möhkəm cansağlığı, yeni uğurlar və müvəffəqiyyətlər arzulayıblar.
           Sonda Rayon Prokurorluğunun bir qrup əməkdaşına Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.
Keçidlər