Pirallahıda rayon müşavirəsi keçirilib
27 dekabr 2024 | 18:07
Pirallahı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə 27.12.2024-cü il tarixdə “Pirallahı rayonunda 2024-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vəzir Səfixanov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisi General-mayor Məhərrəm Həsənov, mərkəzin əməkdaşları, həmçinin rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların aidiyyəti şəxsləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Müşavirə zamanı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov 2024-cü ildə mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində görülmüş işlər və 2025-ci ildə qarşıda duran vəzifələr barədə məlumat verdi. Həmçinin o, bildirdi ki, əhalinin və ərazilərin fövqəladə hallardan qorunmasının və mülki müdafiənin təşkili rayon İcra Hakimiyyətinin daimi diqqətində olmaqla səmərəli təmin edilmiş, həmçinin bu sahədə aidiyyəti orqanlar ilə qarşılıqlı əlaqə yaradılmışdır. Rayon ərazisində baş verə biləcək təbii fəlakətlərin (zəlzələ, yanğın, daşqın, infeksion xəstəliklər və sair) nəticələrinin operativ şəkildə aradan qaldırılması, eyni zamanda rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və qurumlarda yanğın təhlükəsizliyi və mülki müdafiə işlərinə nəzarətin gücləndirilməsi, əhali və işçilər arasında maarifləndirmə işlərinin təşkili məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları əsasında rayon Fövqəladə Hallar Komissiyası, həmçinin ərazi Mülki Müdafiə qüvvələri və xidmətləri yaradılmışdır. Rayonunun idarə, müəssisə və təşkilatları mülki müdafiə tədbirlər planları əsasında mülki müdafiə tədbirlərinin icrasının vaxtında təmin olunması, əhaliyə və işçilərə mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi tədbirlərinin həyata keçirilməsini təşkil edir. İllik planlara və normativ aktlara uyğun olaraq rayon ərazisində, həmçinin idarə, müəssisə və təşkilatlarda mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Başçının birinci müavini bu sahədə görülmüş işlər və növbəti ildə qarşıda duran vəzifələrlə bağlı digər vacib və zəruri məsələlərə də toxunmuş və növbəti çıxışlar üçün sözü müşavirə iştirakçılarına vermişdir.
Mövzu və bu sahədə zəruri məsələlər ilə bağlı Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Elman Kazımov, Fövqəladə Hallar Nazirliyi Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və Mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Fətullayev, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini, daxili xidmət polkovnik-leytenantı Ramil Haqverdiyev, 51 nömrəli Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Elton Nəsibov, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Həsən Cəfərzadə, Bakı Regional Qaz İstismarı Departamentinin Texniki İstismar Xidmətinin sahə ustası Məlikağa Xanəhmədov, Pirallahı Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bölməsinin müdirinin müavini Oqtay İsmayılov və digər şəxslər əhatəli çıxışlar etdilər. Çıxışlar zamanı məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balonlardan istifadə qaydaları ilə bağlı məlumatlar da verilmiş və müzakirələr aparılmışdır.
Müşavirədə həmçinin rayonda yanğın təhlükəsizliyi və mülki müdafiənin təşkili ilə bağlı görülən işlər, enerji təchizatının və qaz təsərrüfatının, yaşayış binalarında yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, problemlər və həlli yolları, baş vermiş fövqəladə hadisələr zamanı ilkin tibbi yardım və ictimai asayişin təşkili barədə məruzələr edilib.