Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni günərzi qayğı mərkəzi açılıb

17 noyabr 2022 | 12:43
    Noyabrın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Pirallahı rayonunda sağlamlıq imkanları məhdud olan 5-18 yaşlı uşaqlar üçün yeni günərzi qayğı mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində RİH başçısı Vasif İmanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Agentliyin və RİH başçısı Aparatının əməkdaşları iştirak etdilər.
    Mərkəzin açılışında qeyd edildi ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin zəruri sosial xidmətlərlə əhatə olunması üçün icra olunan sosial proqramların getdikcə genişləndiyini vurğulayıb. Qeyd olundu ki, hazırda qayğıya ehtiyacı olan şəxslərin zəruri sosial xidmətlərlə əhatə olunması üçün icra olunan sosial proqramlar getdikcə genişlənir. Agentliyin müəssisələrində 600-dən çox uşağa müxtəlif sosial xidmətlər göstərilir.
     Yeni açılmış 100 uşaq yerlik (50 uşağa gündəlik qayğı, 50 uşağa reabilitasiya xidmətləri) günərzi qayğı mərkəzinin məqsədi qeyd olunan kateqoriyadan olan uşaqların psixo-sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi, ailələrinin ehtiyac duyduqları sosial xidmətlərlə təmin edilməsidir. Bu kimi tədbirlər həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına da dəstək olur.
     Agentliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı sosial xidmət müəssisəsinin nəzdində yaradılan mərkəzə qəbul olunan uşaqlar həftənin beş günü saat 9:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunacaqlar.
Həmçinin, valideynlərə uşaqlara qulluğun təkmilləşdirilməsi üçün məsləhət xidmətləri göstəriləcək, valideynlik səriştəliliyinin gücləndirilməsi üçün təlim proqramları təşkil olunacaq. Mərkəz bütün zəruri avadanlıqlarla təchiz olunub.
      Mərkəzin göstərdiyi xidmətlərdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə ərizə ilə müraciət edə bilərlər. Həmçinin, Agentliyin 116123 “Qayğı” Çağrı Mərkəzinə zəng edərək göstərilən sosial xidmətlərlə bağlı məlumat almaq mümkündür.  

 

Keçidlər