Pirallahıda şəhid Sarvan Mehralıyevin ailəsi ziyarət olunub
03 aprel 2024 | 15:54
Rayon İcra Hakimiyyətinin əməkdaşları 2016-cı ilin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Mehralıyev Sarvan Natiq oğlunun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar. Görüşdə şəhidin yaxınları onunla bağlı xatirələrini danışıb, keçdiyi döyüş yoluna bir daha nəzər salıblar.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Aprel döyüşlərinin əhəmiyyətindən danışaraq bildirdilər ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı oldu.
Qeyd edək ki, Sarvan Mehraliyev 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısının alınmasında iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Sarvan Mehralıyevin yaxınları şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.