Pirallahıda səyyar qəbullar davam etdirilir
19 aprel 2023 | 18:00
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 19 aprel 2023-cü il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra natiq bildirdi ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Palanı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə bağlı rayonumuzda silsilə tədbirlər keçirilir. Qeyd edildi ki, mayın 10-da Pirallahı qəsəbəsində yerləşən Gənclər Parkında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçiriləcəkdir. Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlar və sakinlər həmin tədbirdə fəal şəkildə iştirak edəcəklər.
Sonra V.İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu beynəlxalq arenada günü-gündən artır. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. V.İmanov həmçinin qeyd etdi ki, aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala və Salyana səfər etmişdir. Səfər çərçivəsində bir sıra sosial obyektlərin açılışı olmuşdur. Eyni zamanda cənab Prezident Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı ölkə başçısı işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərdən, Ermənistanla aparılan danışıqlardan, münasibətlərin perspektivlərindən, sülhməramlıların fəaliyyətindən, yeni dünya düzənində Azərbaycanın rolundan və daha bir çox məsələlərdən ətraflı fikirlər səsləndirdi.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, fərdi evin təmiri və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.