Pirallahıda səyyar qəbullar davam etdirilir
17 may 2023 | 17:01
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 17 may 2023-cü il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verdi. Bildirildi ki, mayın 14-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən beşinçi görüşü zamanı Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası kimi məsələlərin müzakirə olundu. 9 aylıq fasilədən sonra Brüsseldə baş tutan növbəti üçtərəfli danışıqların yekunlarına dair Aİ Şurasının rəhbəri Şarl Mişelin açıqlaması sülh prosesində müəyyən irəliləyişin əldə olunduğu təəssüratını yaradır.
Diqqətə çatdırıldı ki, işğaldan azad olunan ərazilərdə geniş bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı tez-tez həmin ərazilərə səfər edir, müvafiq tapşırıqlar verir. May ayın əvvəlində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva növbəti dəfə Füzuli, Xocavənd rayonlarına və Şuşa şəhərinə səfər ediblər və burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar. Dövlətimizin məqsədi məcburi köçkün ailələrinin doğma torpaqlarına qayıtmalarına şərait yaratmaqdır. Ölkə başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunur. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni yollar çəkilir, yaşayış binaları inşa olunur, aqroparklar salınır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhəllədaxili yolların asfaltlanması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.