Pirallahıda səyyar qəbullar davam etdirilir
01 noyabr 2023 | 16:48
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 1 noyabr 2023-cü il tarixdə 168 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
RİH-nin başçısı qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra V.İmanov görüş iştirakçılarını qarşıdan gələn “Zəfər Günü” münasibətilə təbrik etdi. Natiq qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qətiyyətli mövqeyi ilə bütün dünyanı heyran edən Müzəffər Ali Baş Komandan tarixi və əzəli torpaqlarımızı düşməndən xilas edərək adını şanlı tariximizə qızıl hərflərlə yazdırdı. Bu gün 30 illik düşmən işğalında qalan Qarabağa yeni həyat, yeni nəfəs bəxş edilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Böyük Qayıdışımızı reallaşdırmaqla dünyadakı bütün azərbaycanlıların rəğbət bəslədiyi sevimli lideri olmuşdur.
Sonra RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verdi. Bildirildi ki, artıq 20-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, mehəllədaxili yolların asfaltlanması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.