Pirallahıda səyyar qəbullar davam etdirilir
04 oktyabr 2023 | 16:37
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 4 oktyabr 2023-cü il tarixdə 168 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Diqqətə çatdırıldı ki, 4 oktyabr "Cəbrayıl Şəhəri Günü"dür. RİH başçısı “Cəbrayıl şəhəri günü”nün Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunduğunu xatırlatdı və artıq rayonlarımızın işğal tarixlərinin yox, azadlıq tarixlərinin qeyd edilməsindən qürurlandığını ifadə etdi. Cəbrayıl şəhərinin işğaldan azad olunmasının strateji cəhətdən çox böyük əhəmiyyət kəsb etdiyini söyləyən natiq qeyd etmişdir ki, Cəbrayıl şəhərinin düşmən işğalından xilas olması müharibənin sonrakı gedişatına böyük təsir göstərmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində qısa zamanda işğal altında olan rayonlarımız düşmən tapdağından azad edilmişdir.
Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verdi. Bildirildi ki, artıq 20-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Diqqətə çatdırıldı ki, Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu çox əhəmiyyətli tarixi hadisə idi. Bu Forumun məhz yenidən qurulan şəhərlərdə keçirilməsi Azərbaycanın niyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa imkan verir. Forumda çıxış edən Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən işlər və regiona baxışlarımızla bağlı dəyərli məlumatları dünya ictimaiyyətinə çatdırdı. Sözügedən Forumun açılış mərasimindəki çıxışında dövlət başçısı Azərbaycanın bu işləri öz vəsaiti hesabına həyata keçirdiyini, heç bir maliyyə yardımı almadığını diqqətə çatdırıb. Otuz il işğaldan əziyyət çəkən Zəngilan rayonu özünün yenidən qurulma və çiçəklənmə dövrünü yaşayır. Qeyd edildi ki, oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev sərginin açılışında iştirak ediblər. 8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda 36 ölkədən 150 şirkətin stendləri iştirakçılara təqdim edilir. Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, mehəllədaxili yolların asfaltlanması və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.