Pirallahıda səyyar qəbullar davam etdirilir
06 sentyabr 2023 | 17:32
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 6 sentyabr 2023-cü il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verdi. Bildirildi ki, artıq 20-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Diqqətə çatdırıldı ki, Azərbaycanın qeyd-şərtsiz qələbəsi və Ermənistan Silahlı Qüvvələrinin darmadağını ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra Qarabağla Ermənistan arasında əlaqəni təmin etmək məqsədilə Rusiya sülhməramlı kontingentinin nəzarəti altında Laçın dəhlizi fəaliyyət göstərirdi. Təqribən iki il fəaliyyət göstərən bu dəhlizdən silah-sursatın, qeyri-qanuni yüklərin, canlı qüvvənin və rəsmi Bakı ilə razılaşdırılmamış bir sıra şəxslərin keçidinin təmin edildiyi hər birimizə yaxşı məlumdur. Qeyd edildi ki, Azərbaycan Prezidentinin qətiyyətli rəhbərliyi ilə daim ədalət qələbə çalacaq və Azərbaycanın milli maraqları təmin olunacaqdır. Əsassız iddialarının davamlı olaraq puça çıxması fonunda Qarabağ ermənilərinin yeganə düzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin yaradacağı etibarlı təhlükəsizlik və sivil birgəyaşayış mühitindən bəhrələnərək dinc yaşamaqdır.
Sonra RİH-nin başçısı bildirdi ki, bu gün 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə edən tələbələrlə görüş keçirilib. Qeyd edildi ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini və son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini vurğulayan V.İmanov təhsil müəssisələrinin maddi-texniki bazasının və müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını da qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğıdan da söz açan natiq vurğuladı ki, Ulu öndər Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində əsası qoyulan təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanmış və bu gün dövlətçiliyimizin möhkəmlənməsində milli kadrlarımızın rolu əvəzsizdir. Natiq 2020-ci ildə 44 günlük şanlı müharibə ilə işgaldan azad olunan Şuşa, Zəngilan, Laçın və Füzulidə yeni tədris ilində bir neçə məktəbin açılacağını da qeyd edərək, bunun xalqımızı qürurlandırdığını və bizi qarşıya qoyulmuş strateji hədəflərimizə daha da yaxınlaşdırdığını vurğuladı.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, fərdi yaşayış evinin tikintisi və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.