Pirallahıda səyyar qəbullar davam etdirilir
13 dekabr 2023 | 18:04
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 13 dekabr 2023-cü il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
V.İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, 2003-cü il dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verdi. Bildirildi ki, artıq 20-ci ildir ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlarının təmin olunması sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu respublikamızı beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanıdır. Diqqətə çatdırıldı ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. V.İmanov qeyd etdi ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratmışdır. 2024-cü il fevralın 7-də təşkil ediləcək növbədənkənar prezident seçkiləri bu reallıqların təsbitidir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində keçiriləcək.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, abadlıq-quruculuq işləri və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.