Pirallahıda səyyar qəbullar davam etdirilir
15 noyabr 2023 | 17:56
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 15 noyabr 2023-cü il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
V.İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial, iqtisadi, siyasi məsələlər barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki böyük Zəfərinin üçüncü ildönümü böyük təntənə və coşqu ilə keçirildi. İşğaldan azad olunmuş ərazilərimizdə, Bakıda və regionlarda, o cümlədən Pirallahı rayonunda da bayram konsertləri qələbə ruhunu bütün ölkə ərazisində hiss etdirdi. Bildirildi ki, cari ilin sentyabr ayında baş verən mina terrorları Azərbaycanı anti-terror əməliyyatlarına başlamağa məcbur etdi. Bir gündən də az davam edən əməliyyat böyük qələbənin son möhrü oldu. Artıq Qarabağın hər bir guşəsində - Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə Azərbaycan bayrağı əzəmətlə dalğalanmaqdadır. Müzəffər Ali Baş Komandanın ucaltdığı bu bayraq millətimizin əyilməz ruhunun, sınmaz, yenilməz döyüş əzminin, Azərbaycan əsgərinin qarşıya qoyulan istənilən tapşırığı qanı-canı bahasına yerinə yetirdiyinin və ən əsası artıq azərbaycanlıların bu yurda dönüşünün simvolu idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə keçirilən Zəfər paradında çıxış edərək bildirdi ki, XXI əsrdə heç bir odu Azərbaycan Ordusu qədər peşəkarlıq və fədakarlıq göstərməmişdir.
Sonra natiq rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verildi. Hal-hazırda Pirallahı qəsəbəsində məhəllədaxili yollara asfalt örtüyünün döşənməsi, ətraf ərazilərin abadlaşdırılması işləri həyata keçirilir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, abadlıq-quruculuq işləri və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.