Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda səyyar qəbullar davam etdirilir

20 sentyabr 2024 | 17:02
      Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 20 sentyabr 2024-cü il tarixdə 186 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
      Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra RİH başçısı qeyd etdi ki, bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bildirildi ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdi. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 23 saatlıq antiterror əməliyyatına başlanılıb. Diqqətə çatdırıldı ki, bu gün Pirallahı rayonunda antiterror əməliyyatları zamanı şəhid olmuş  kiçik leytenant Tural Cahangirovun  anım mərasimi keçirildi.
        Sonra natiq rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verildi. Hal-hazırda Pirallahı qəsəbəsində məhəllədaxili yollara asfalt örtüyünün döşənməsi, ətraf ərazilərin abadlaşdırılması işləri həyata keçirilir.  
       Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma,  abadlıq işləri və s. məsələlər ilə bağlı müraciət etdilər.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Keçidlər