Pirallahıda səyyar qəbullar davam etdirilir
31 yanvar 2024 | 15:52
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 31 yanvar 2024-cü il tarixdə 243 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
V.İmanov qeyd etdi ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratmışdır. 2024-cü il fevralın 7-də təşkil ediləcək növbədənkənar prezident seçkiləri bu reallıqların təsbitidir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində keçiriləcək.
Sonra natiq rayonda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonun qəsəbələrində geniş quruculuq və abadlıq işlərinə start verildi. Hal-hazırda Pirallahı qəsəbəsində məhəllədaxili yollara asfalt örtüyünün döşənməsi, ətraf ərazilərin abadlaşdırılması işləri həyata keçirilir.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, abadlıq-quruculuq işləri və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.