Pirallahıda səyyar qəbullar davam etdirilir
15 fevral 2023 | 17:13
Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti qəbul keçirib. Rayon sakinlərinin iştirak etdiyi səyyar qəbul 15 fevral 2023-cü il tarixdə 186 nömrəli tam orta məktəbdə baş tutdu. Qəbulda RİH-nin məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
Vasif İmanov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra natiq bildirdi ki, qardaş Türkiyənin cənub-şərqində baş verən və 100 ilin faciəsi kimi qəbul olunan Kahramanmaraş mərkəzli zəlzələdən sonra bir anda bütün Azərbaycanın diqqəti, qəlbi qardaş yurduna çevrildi. Zəlzələnin elə ilk dəqiqələrindən hər kəs necə kömək etmək, dəstək olmaq haqqında düşünməyə başladı. Diqqətə çatdırıldı ki, bu günə qədər dəfələrlə iki ölkə ən çətin anlarda bir-birinin köməyinə çatmış, bir-birinin yaralarını sarımaq üçün əlindən gələni etmişdir. Tarix iki xalqın, dövlətin qardaşlığının dəfələrlə şahidi olmuşdur. Elə yaxın tarixə nəzər salsaq, İkinci Qarabağ müharibəsi dövründə qardaş Türkiyə ölkəmizə çox güclü siyasi dəstək göstərmiş, beynəlxalq arenada ölkəmizi tək qoymamış, yanımızda olduğunu açıq və qəti fikirlərlə ifadə edərək müharibənin gedişatında mühüm rol oynamışdır. Hazırda yardımlar toplanan Heydər Əliyev adına İdman-Konsert Kompleksində və Əl Oyunları sarayında zəlzələdən günlər keçməsinə baxmayaraq çox böyük bir izdiham var. Beləliklə, istər dövlət, istər QHT-lər, istərsə də cəmiyyət səviyyəsində hər kəs əlindən gələni edir ki, Türkiyəmizə dəstək olsun.
Sonra V.İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. 2025-ci ildə istismara verilməsi planlaşdırılan 1280 meqavat istehsal gücündə elektrik stansiyası heç şübhəsiz Azərbaycanın enerji təhlükəsizliyində müstəsna rol oynayacaqdır. Təməlqoyma mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələ barədə ətraflı açıqlamalar verərək bildirdi ki, bu gün Mingəçevir şəhərinin tarixində artıq bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni bir dövr başlayır.
Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, kanalizasiya xəttinin çəkilişi və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.