Pirallahıda triatlon idman növü üzrə “Azərbaycan kuboku” keçirilmişdir
10 oktyabr 2022 | 13:04
9 oktyabr 2022-ci il tarixində Pirallahı qəsəbəində yerləşən Nərəkənd kompleksinin ərazisində Azərbaycan Republikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə Triatlon idman növü üzrə “Azərbaycan kuboku” üzrə turnir keçirilmişdir. Turnir həm fərdi, həm də estafet formatında keçirilmişdir. Tədbirdə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Rauf Əliyev və Azərbaycan Republikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elçin Qasımov iştirak etmişdilər.
130 iştirakçının mübarizə apardığı yarış 3 mərhələdən ibarət olub. Turnirdə oturum izni olan 35 nəfər xarici vətəndaş da öz qüvvələrini sınamışdılar. İdmançılar 5-12 yaş arası uşaqlar üçün qaçış üzrə, 12-17 yaş arası gənclər üçün duatlon (qaçış-2 km, velosiped-8 km, qaçış-1km) rəqabət aparmışdılar. Böyüklər üzrə olimpiya məsafəsində idmançılar 1,5 kilometr məsafəyə üzüblər. Sonra idmançılar 40 kilometr məsafəyə velosiped sürüblər, sonda isə 10 kilometr qaçıblar.
Fərdi qaçış üzrə kişilərin mübarizəsində Rostislav Pevtsov birinci,Toğrul Məmmədli ikinci, Come Boulard isə üçüncü olublar.
Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, Rəbiyyə Orucova, Alice Atkins və Marina Belan tutmuşdur.
Komanda yarışlarında Denis Karçaşkin birinci, Cəfər Məmmədov ikinci, Elçin Bəkirov isə üçüncü yerə sahib olmuşdular.
Daha sonra müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qaliblər də müəyyən edilmişdir.
Yarışın qalibləri medal və diplomlarla təltif olunmuşdular. Qaliblərə mükafatları Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elçin Qasımov təqdim etmişdilər. Tədbir şən əhval-ruhiyyədə başa çatmışdır.