“Qələbəyə gedən yol” mövzusunda gənclərlə görüş keçirilib
02 noyabr 2023 | 16:56
02 noyabr 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Pirallahı Gənclər Mərkəzində “08 Noyabr - Zəfər Günü” münasibətilə “Qələbəyə gedən yol” mövzusunda gənclərlə görüş keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun məsul əməkdaşları, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin kursant və zabitləri, təhsil və mədəniyyət müəssisələrinin şagirdləri, “gənclərin çağrışaqədərki hazırlığı” fənn müəllimləri və gənc fəallar iştirak etdi.
Görüşdən öncə iştirakçılar Pirallahı Gənclər Mərkəzinin birinci mərtəbəsində yerləşən “Heydər Əliyev muzeyin”də Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədlər və fotoşəkillərlə tanış oldular.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və video-çarxın nümayişi ilə öz işinə başladı. Daha sonra RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, DSX Xüsusi məktəb rəisinin şəxsi heyət üzrə müavini Ülvi Heydərov, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, 243 saylı tam orta məktəbin gənclərin çağrışaqədərki hazırlığı fənn müəllimi Xanlar Əsgərov və 168 saylı tam orta məktəbin şagirdi Anar Abasov çıxış edərək Qələbəyə gedən yolla bağlı fikirlərini səsləndirdilər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədə hesablanmış dərin strategiyasının, xalq iradəsinin möhtəşəm təcəllasının və qəhrəman Azərbaycan oğullarının şücaətinin ölkəmizi zəfərə apardığı qeyd olundu. Natiqlər Zəfər günü ərəfəsində hərbçilərlə keçirilən görüşün gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyəti olduğunu diqqətə çatdıraraq qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Hərbi Lisey yaradılması ilə ölkəmizdə hərb sahəsində milli kadrların yetişdirilməsinə başlanıldı. Ulu Öndərin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu hərbi təhsil ocağı ən yüksək səviyyədə diqqət və qayğı ilə əhatələnərək suverenliyimizin təminatında mühüm rol oynadı. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli ordu quruculuğunda məktəbin məzunları olan peşəkar zabitlərin böyük rolu oldu. 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbəyə gedən yolda inamla addımlayan Azərbaycan əsgəri qızıl hərflərlə öz Şanlı Zəfərini yazdı.
O da vurğulandı ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbədən və 1 günlük antiterror əməliyyatından sonra Azərbaycanın tarixində yeni səhifə açılıb. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcəkdir.
Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim olundu və xatirə şəkli çəkdirildi.