Şriftin ölçüsü :

Saytın rəngi :

“Qərbi Azərbaycana qayıdış bizim ədalətli haqqımızdır” başlıqlı dəyirmi masa keçirilib

19 iyun 2026 | 12:44
     19 iyul 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Pirallahı rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış bizim ədalətli haqqımızdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, Qərbi Azərbaycan İcmasının Pirallahı rayonu üzrə nümayəndəsi Şakir Mikayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və İcmanın üzvləri iştirak ediblər.
     Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının Pirallahı rayonu üzrə nümayəndəsi Şakir Mikayılov İcmanın fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, Qərbi Azərbaycan İcması hazırkı Ermənistan ərazisindən müxtəlif dövrlərdə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının müdafiəsi, ictimai-mədəni birliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən təşkilatdır. Ş.Mikayılov qeyd edib ki, İcma 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. İcmanın əsas məqsədləri deportasiya olunmuş azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə müdafiəsinə nail olmaq, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı tarixi-mədəni irsi araşdırmaq və təbliğ etmək, onun məhv edilməsinin qarşısını almaq, həmçinin soydaşlarımızın öz ata-baba yurdlarına qayıdış hüququnun təmin olunmasına və gələcəkdə birgəyaşayışın bərqərar olmasına töhfə verməkdir.
     Daha sonra çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasına, insan hüquqlarına və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. O vurğulayıb ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının qorunması və onların tarixi yurdlarına təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Həmçinin qeyd olunub ki, Pirallahı rayonunda Qərbi Azərbaycandan olan ailələrin qeydiyyata alınması və məlumat bazasının formalaşdırılması istiqamətində mühüm işlər görülüb. Z.Məmmədhüseynova Azərbaycan dövlətinin bu sahədə ardıcıl siyasət həyata keçirdiyini və soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə müdafiəsi istiqamətində sistemli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, xalqımızın birliyi, dövlətimizin gücü və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalətin bərpa olunacağına əminliyini ifadə edib.
    Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Pirallahı rayonu üzrə nümayəndəliyinin üzvü Həsən Niftəliyev Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın üzləşdiyi ağır taledən bəhs edib, doğma yurdlara qayıdış arzusunun daim yaşadığını vurğulayıb. O qeyd edib ki, ata-babalarının əsrlər boyu yaşadığı torpaqlardan məcburi şəkildə uzaqlaşdırılmalarına baxmayaraq, həmin yurdlara bağlılıq hissi və qayıdış ümidi heç vaxt sönməyib. H.Niftəliyev Qərbi Azərbaycana qayıdışın təkcə tarixi ədalətin bərpası deyil, həm də gələcək nəsillərin öz köklərini tanıması və milli-mənəvi irsini yaşatması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
     Tədbir diskussiya şəraitində davam etdirilib, iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Keçidlər